Kitab oxuduğuma şahid olan insanların çoxu kitabla ünsiyyətindən çoxlu şikayətlər edir. Hər dəfə o şikayətlərdən biri haqqında yazacağam.
Ən çox eşitdiyim problemlərdən biri yadda qalmayan kitablardır. Bir çox insanlar o sualı məndən soruşub: “Çox kitab oxuyuram, heç biri yadımda qalmır, necə edim ki, hamısı yadımda qalsın?”
Mən isə hər dəfə belə cavab verirəm:
Kitablar həyatın alternatividir. Həyat qısadır. Çox səhv etmək əvəzinə, o səhvləri etmiş yüzlərlə insanın həyat təcrübəsini oxuya, nəticə çıxara bilərik.
Yəni kitablar başdan-ayağa qədər yadımızda qalmalı bir mətn deyil, həyat kimi təcrübələr, dünyagörüşü, xatirə toplayacağımız vasitədir.
Kitabı bitirəndən sonra o kitabı, oradakı obrazları, hadisələri xatırlamasan belə, onu oxuduğun zaman zehnində qeyri-ixtiyari dərslər, təcrübələr toplanılır, nəticələr çıxarılır.
Necə ki, həyatı sadəcə yaşamaq lazımdır, kitabı da sadəcə bütün diqqətinlə oxumaq və zövq almaq lazımdır.
Özünə və beyninə güvən. O, lazım olan vaxtda, sənə çox şeyi xatırladacaqdır.