“Heç nə olmaz”
— Müəllimə, ağırdır...
— Heç nə olmaz.
— Müəllimə, ayaqlarım əsir.
— Heç nə olmaz.
— Müəllimə, çox yorğun hiss edirəm.
— Heç nə olmaz.
— Müəllimə, bu hərəkəti yaxşı edə bilmirəm.
— Heç nə olmaz.
— Müəllimə, məşqdən sonra əzələlərim çox ağrıyır.
— Heç nə olmaz.
“Heç nə olmaz” zehnimin öyrəşmədiyi bir cümlə idi, çünki adətən o mənə bir bəhanə göndərirdi, mən isə onu məmnuniyyətlə qəbul edirdim.
İdman dərslərində müəllimənin “heç nə olmaz” cümləsi hər dəfə bir bəhanəmin qarşısına sədd çəkdi. Mən nə bəhanənin arxasınca gedirdim, nə də o cümlənin. Müzakirə olunmurdu, izah edilmirdi, uzadılmırdı. “Heç nə olmaz” deyilirdi və mövzu bitirdi.
Bu dialoqlardan sonra fərqinə vardım ki, həqiqətən, heç bir bəhanə zənn etdiyimiz qədər böyük bir şey deyil. Onu dinləmədikcə, “heç nə olmaz” dedikcə, həqiqətən, heç nə olmur.
Bir müddətdən sonra o dialoqlar təkcə idman dərslərində deyil, hər gün müxtəlif bəhanələr gəldikcə zehnimdə yaranmağa başladı. "Heç nə olmaz" cümləsi hər dəfə özümü tanımaq yolundakı gözəl bir mərhələyə aparır.