Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz. (Məhəmməd Füzuli)
Sözlər qəlbdən süzülən can kimidir. Hər biri ağızda qalmır, günəşin şəfəqləritək dünyaya yayılır, canlanır.
Hətta söz insanın sahib olduğu sehirli gücdür. Elə bir sehr ki, çox az insan ondan xəbərdardır.
Xəbəri olsa da, olmasa da, o sehr insanların həyatına yayılır.
İnsan hansı sözlərdən istifadə edirsə, bir müddətdən sonra həmin sözlər onun həyatında nələrəsə təsir edir.
Gözəl, müsbət mənalı sözlərdən istifadə edən insanların üz ifadələri, daxili dünyası və həyatı da bir müddətdən sonra çiçək bağçasına çevrilir. "Uğur" qələbə gətirir, "yaxşılıq" yaxşılıqla qarşılaşdırır, "şəfa" sağlamlıq bəxş edir.
Pis, mənfi sözlər isə hər şeyi özü kimi edir. Məsələn, "pis" sözü pis hiss etdirir, "xəstə" sözü xəstəliyi yada salır, "ağrı" sözü isə ağrını hiss etdirir.
İnsanlar haqqında hansı sözləri qəlbimizdən süzürüksə, elə insanlar da gəlib bizi tapır.
Əlqərəz, qəlbimizdən hansı sözlər süzülürsə, həyatımızda da onlar canlanır.
Ya bal süzülür...
Ya zəhər...