Özünü ifadə bacarığınızı ölçmək, problemlərinizin fərqinə varmaq üçün əvvəlcə özünü ifadənin nə olduğunu, sonra isə nə olmadığını bilmək lazımdır. Nə olduğunu artıq sizinlə danışmışıq. İndi isə nə olmadığını danışmağın vaxtıdır.
Özünü ifadə natiqlik, dilavər olmaq deyil. Neçə masabəyi var ki, ağızdolusu danışdığı kəlmələrin qəlbində bir qarşılığı yoxdur.
Özünü ifadə aydın diksiya deyil. Diksiya sözləri ağızda muncuq kimi düzmək sənətidir.
Özünü ifadə hər istədiyini demək deyil. Sözlər vasitəsilə şahmat oynamaqdır.
Özünü ifadə aktyorluq deyil. Öz hekayənin baş rolunda olmaqdır.
Özünü ifadə bir dəfə öyrənib həyatınız boyu tətbiq edəcəyiniz bilgi deyil. Hər vəziyyətdə bir pillə artan bacarıqdır.
Ən əsası, özünü ifadə səsini qaldırmaq, hər müzakirədə haqlı olmaq deyil, özünə və qarşı tərəfə dürüst olmaqdır.