Özündən başla. Bəli, bəli, özündən.
Necə ki, başqa insanlarla münasibətlər qurur, bağ yaradırıq, eyni zamanda özümüzlə də bağ qururuq.
Necə ki, başqa insanlarla danışırıq, eyni zamanda özümüzlə də danışmalıyıq.
Necə ki, başqa insanları dinləyirik, özümüzü də dinləməliyik.
Necə ki, başqa insanlarla müzakirə edirik, özümüzlə də müzakirə etməli, təfəkkür etməliyik.
Necə ki, başqa insanlara vaxt ayırır, əmək veririk, özümüzü tanımaq, güclərimizi kəşf etmək üçün də əmək verməliyik.
Necə ki, başqa insanlarla empatiya qururuq, öz duyğularımızı da tanımalı, özümüzə qarşı da nəzakətli olmalıyıq.
Bunları etmək bizim birinci məsuliyyətimizdir. Biz etməsək, kim edəcək?
Biz özümüzlə necə davransaq, insanlara da bizə qarşı elə rəftar etməyi öyrədir, onlara həmin mesajı veririk.
Necə bir özünü ifadə, necə bir ünsiyyət xəyal ediriksə, onu əvvəlcə özümüzə qarşı tətbiq etmək lazımdır.
Daxilində özünü tənqid edirsənsə, o nitqi dəyiş, nəzakətli ünsiyyəti öyrən.
Özünlə tək qalmaqdan qorxub ancaq başqaları ilə danışmaq, görüşmək istəyirsənsə, bir müddət fasilə ver. Özünlə vaxt keçir, özünü başqa bir şəxs kimi kənardan tanımağa başla.
Öz ideyalarına, öz düşüncələrinə fikir ver, onları dinlə.
Duyğularına ad ver.
Münasibətlərində özünü müşahidə et. Özünə də digər insanlara qarşı olduğun qədər ədalətli davranırsanmı?
Əsil sən özünlə qurduğun bağda gizlidir. O xəzinəni tapmaq isə başqaları ilə quracağın bütün gözəl bağların başlanğıcıdır...