Bu mövzu haqqında uzun müddətdir ki, düşünürəm. Mən kitab oxumaq vərdişini necə yaratmışdım? Sualın cavabını tapıb bu mövzuda yazı yazmaq istəyirdim...
Cavabı axtararkən sual sualı gətirdi.
Mən necə hər gün çay içməyi vərdişə çevirmişdim? Mən necə hər gün duş almağı vərdişə çevirmişdim? Mən necə yazı yazmağı vərdişə çevirmişdim? Dadlı yemək yeməyi necə vərdişə çevirmişdim bəs? Yaxud müşahidə etməyi, daha sonra müşahidə etdiklərimi həyat dərsinə çevirməyi?
Ağlıma onlarla belə sual gəlirdi. Əvvəl birinin cavabını düşünürdümsə, indi hər birinin cavabını axtarmağa başlamışdım.
Cavab axtarışında qəlbim gözəl bir duyğu hiss etdi. Hər biri məni yaxşı hiss etdirmişdi. Hər “yaxşı” yüzlərlə cavabı ehtiva edirdi və heç bir “yaxşı” bir-birinə bənzəmirdi.
Kitab oxumağın yaxşısı isə zehnimi axar bir çayda yuyub pak etməsi kimi idi. Kitab oxumağı vərdişə çevirmək haqqında heç düşünmədən, qəlbimə yaxşı təsir etdikcə onu vərdişə çevirmişdim. O qədər yaxşı hiss etdirmişdi ki, bir daha onu buraxmadım.
Bütün gözəl vərdişlər kimi.