Bədən tərbiyəsi
11 il bu fənnin adını eşitmişdim. 11 il təlim və tərbiyə sahəsində çalışmışdım. Amma "bədən tərbiyəsi" ifadəsinin mənasını 28 yaşımda, getdiyim ikinci idman dərsində anladım.
Sən demə, tərbiyə elə bədəndən başlamalı, sonra zehnə və ruha sirayət etməli imiş.
Bədəni tərbiyə edəndə güc qazanmaq üçün dərs buraxmamalısan. Bu, sənə nizam-intizam öyrədir.
Məşqlərdə çətin olanı etdikcə daxilindəki müqaviməti görürsən. Bu, sənə özünü və qorxularını tanıdır.
İdmandan sonra ağrılar olur. Bu, sənə dözümlülüyünü göstərir.
Uzun müddət davam etdikcə bədənin gümrahlaşır. Bu, sənə əməyin bəhrəsini öyrədir.
Faydalı olmayan qidalar yeyəndə idmanda tər tökdüyün anları xatırlayırsan. Bu isə sənə sağlam qidalanmaq vərdişi qazandırır.
Beləcə, bədən də, zehin də, ruh da daha tərbiyəli olurmuş.