Onunla hər zaman eyni məkana gedirdik. Hər dəfə qəhvəmi və çayını eyni əməkdaş hazırlayırdı, fəqət oradan çıxanda mən özümü çox məmnun hiss edirdim, o isə məyus olurdu.
Eyni məkandan birimiz razı qalırdıq, birimiz isə narazı.
Bu hal dəfələrlə təkrarlanmışdı.
Bir gün ondan səbəbini soruşdum.
Dedi ki, çay hər dəfə ya qaynar, ya soyuq, ya çox tünd, ya da çox açıq olur.
Mənim sifarişim isə həmişə eyni idi: bol köpüklü, balaca ölçülü birdəfəlik fincanda təqdim olunan isti qəhvə.
Qeyri-ixtiyari soruşdum:
— Sən çayı necə içməyi xoşlayırsan?
— Təzə dəmlənmiş, isti, armudu stəkanda, kəklikotu ilə içməyi xoşlayıram.
— Bəs bu istəklərini sifariş verəndə bildirirsənmi?
— Yox.
Əgər bildirmirsənsə, qarşı tərəf onu öz bildiyi kimi hazırlayacaq.
Biz hər şeyi beynimizdə düşünür, qəlbimizdə istəyirik. İnsanlar isə yalnız eşitdikləri qədər ehtiyaclarımızı qarşılayırlar.
Həyatda da hər şey bu sifariş kimidir. Dəqiqliklə, bütün xüsusiyyətləri ilə sifariş verdiyimiz hər şey bizə də elə həmin dəqiqliklə gəlib çatır. Dəqiq ifadə etmədiyimiz sifarişlər isə bizə gəlib çatsa belə, istədiyimiz kimi olmur.
Həyatın cavabları bəzən istəklərimizə deyil, ifadə etdiklərimizə verilir...