İndiyədək yaşadıqlarım bir müqəddimə imiş. Həyatım indi başlayır...
Can mənim oğlumdur. Onun həyatıma gəlişi ilə hər gün öyrənirəm.
İnsan qəribə varlıqdır. Bu dünyada hər şeyi gördüyünü, hər şeyi bildiyini zənn edir. Amma özünü, öz uşaqlığını, öz böyümə prosesini görə bilmir.
Can həyatıma gələnədək heç vaxt bir insanın bu dünyaya gəldiyi gündən etibarən hər gününü müşahidə etməmişdim. O, mənim bu möcüzəni görməyimə vəsilə oldu.
Hamiləlik dövrü mənə bir insanın necə addım-addım böyüdüyünü öyrətdi. Elə addım-addım metodunun ilhamını da ondan aldım.
Doğulduqda insanın dünyaya necə pak, necə saf gəldiyini gördüm. İlk dəfə heç bir mənfi hərəkəti olmayan, heç bir qəlb qırmamış, heç bir günaha şahid olmamış bir cüt göz gördüm. Ovsunlanmışdım... İlahi, o gözlərin gözümə dəydiyi anı heç vaxt unutmaram.
İnsan dünyaya necə gözəl gəlir!
Onu ilk dəfə qucağıma alanda bütün qadınları, bütün anaları, bütün insanları düşündüm. Sonra bütün şagirdlərim gözümün önünə gəldi. Onların bu dünyaya gəlməsi üçün anaları öz canlarından, öz qəlblərindən pay vermişdi. Onlar analarının özlərindən kənarda döyünməsinə razı olduqları ürəkləri idi.
Necə dəyərli imiş hər bir insan...
Yaxşı ana ola biləcəyəmmi, bilmirəm, lakin onun mənə öyrətdikləri ilə yaxşı müəllim olacağıma inanıram. O dərslərin bəzilərini isə bundan sonra yazılarımda sizinlə paylaşacağam...