Bütün yazılar Fikrini bildir
Birinci idman dərsim
✈️ Öyrənmə yolu

Birinci idman dərsim

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman

Bir neçə ildir idmanla məşğul oluram. Bu il isə professional məşqçi ilə dərslərə başladım. Başlayandan sonra anladım ki, mən neçə ildir idmanla məşğul olmuram, sadəcə idman etdiyimi zənn edirəmmiş...

İlk dərsin sonlarına doğru lap əldən düşdüyümü hiss edirdim. Mən hər hərəkəti sonuncu hərəkət zənn etdikcə məşqçim yenisini tapşırırdı. Plank hərəkətini tapşıranda artıq tükəndiyimi, edə bilməyəcəyimi dedim. O isə bunu qəbul etmədi, hələ davam edəcək gücümün olduğunu söylədi.

Yaşımın yeni “güncəlləməsi” ilə “ya Allah” edib plank vəziyyətində durdum. 10-cu saniyədə qarnım mənim canımı qurtardı. Xalçanın üzərində yaxşıca uzanmaq istəyirdim ki, müəllimənin əli qarnımdan tutub məni təkrar planka qaldırdı.

“Ölürəm”, - dedim.

50 saniyəm qaldığını dedi.

10 saniyə qala bilməyən mən 50 saniyəni tamamladım. Əzələlərim əsirdi. Mən o titrəməni, o təri ölüm zənn edib illərlə ondan o tərəfə keçmirmişəm. Mən gücümün olmadığını, tükəndiyimi düşünəndə sadəcə elə zənn edirəmmiş.

Sən demə, heç bir titrəmə, heç bir tər ölüm deyilmiş. Onlar növbəti mərhələyə keçməyin açarları imiş...

Digər yazılar
WhatsApp-da paylaş